Uzun dirnaqlar

Uzun dirnaqlar

Uzun dirnaqlar
Uzun dirnaqlar

Dermatoloq Sahib Rzayevin sözlərinə görə, uzun dırnaqlar təhlükə mənbəyidir. Dırnaqların arasında infeksion, qurd xəstəlikləri, bakteriyalar yerləşir. Bunun nəticəsində də mədə-bağırsaqda, hətta qanda xəstəliklər meydana gələ bilər: "Sağlam və uzun dırnaqlara hər kəs sahib ola bilmir. Çünki əllər müxtəlif olduğu kimi dırnaqlar da müxtəlifdir. Uzun dırnaqların ziyanı ondadır ki, mikrob mənbəyidir. İkincisi, ətə batma ehtimalı çoxdur. Bir dəfə ətə yeriyən dırnaq sonra buna vərdiş edir. Daim ya manikür, pedukürə, ya da dırnaq çıxartdırmağa alışmaq lazımdır. Bundan əlavə, çirkli dırnaqlar bədənin istənilən hissəsində cızılmalar yaradarsa, xüsusən üzdə və yanaqda mikrob keçməsi və sızanaqların yaranması qaçılmazdır. Qısa, boyasız sağlam dırnaqlar həm gözəl, həm də daha təhlükəsizdir".

Dini nöqteyi nəzərdən də dırnağın saxlanması günah hesab olunur. Dırnaqların uzanan hissəsinin kəsilməyi insan sağlamlığı baxımından vacib hesab olunur. Hacı Kamilin sözlərinə görə, 5 vacib təmizlikdən biri də dırnaq tutmaqdır. Dırnaqlar uzandığı vaxt ətlə dırnağın arasına çirkli və içərisində mikrob və bakteriya olan qalıqlar daxil olur. Xüsusilə də əl barmaqları bədənin demək olar ki, hər yerinə, ən əsası isə yemək yeyildiyi vaxt ağıza toxunduğuna görə mikrobları yayması da təbiidir: "Dəstəmaz aldıqda və ya qüsl edərkən su dırnaqların altına keçməlidir. Bu, şərtdir. Murdar şeylərlə dolu olduğuna görə həmin yerlərə su çatmasa, təmiz olmur. Gözəllik məqsədi ilə olsa da, hətta təmiz saxlansa belə, dırnaq uzatmaq düz deyil".

Uzun dırnaqların ziyanından qorunmaq üçün ən əhəmiyyətli məsələ onları dişləmək, qoparmaq, daim ağızda saxlamaqdandan çəkinməkdir. Dırnağınız boyunca kiçik bir kəsik belə bakteriya və ya göbələklərin dırnağa girməsinə və infeksiyaya gətirib çıxarmasına kifayətdir. Dırnaqlar yavaş-yavaş böyüdüyü üçün yaralanmış bir dırnaq bu yaranın izlərini bir neçə ay boyunca daşıyar.

Dermatoloqun sözlərinə görə, bu gün manikur ustalarının əksəriyyəti uzundırnaqlı xanımlara məsləhət görür ki, onlar dırnaqlarının üst qatında olan dərini kəssinlər. Dırnaq dərisinin üst hissəsinin kəsilməsi dərinin üzuyuxarı yığılmasına, mikrob düşərsə şişməsinə, yara olmasına səbəb ola bilər: "Dərini kəsməkdən başqa əgər xanımlar mütləq uzundırnaqda gəzməyə qərarlıdırsa o zaman dırnaqları sadəcə "pilka" ilə təmizləməlidir. Qulaq çöplərini spirtlə isladıb dırnağı iç tərəfdən daim təmizləmək lazımdır. Ən az gündə iki dəfə bu yolla təmizlənən dırnaqların təhlükəsi yarıbayarıya enmiş olar. Bu qədər məsuliyyətli xanımların olması isə insanda şübhə doğurur. Buna görə, sağlamlıq üçün ən rahat üsul dırnaqların qaydasında kəsilməsidir".

Süni dırnaqlara meyl edən qadınlar da diqqətli olmalıdır. Çünki belə dırnaqların da insana zərərli olub-olmaması bir sıra alimlər tərəfindən araşdırma mövzusudur. Amerika alimləri həyəcan təbili çalır. Gözəllik salonlarında süni uzadılan dırnaqlar insan həyatı üçün təhlükə mənbəyi ola bilər. Bu dırnaqlar gözəl göründüyü qədər də təhlükəlidir. Bu prosedurlar zamanı qadının aldığı ultra bənövşəyi şüalar dəri xərçənginin ilkin səbəbidir. Hər il dünyada minlərlə qadının yolu məhz gözəllik salonlarından sonra onkoloji xəstəxanalardan keçir. Aparılan araşdırmalar sonunda, alimlər əmindirlər ki, dırnaq qaynağı həyatınızı təhlükəyə atan gözəllik prosedurlarının sırasında liderlik edir.